Berti Foqts: «Rəqibdən asılı olmayaraq, qələbə qazanmaq istəyirəm»
Andorra yığması ilə yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında milli komandamızın baş məşqçisi Berti Foqts maraqlı açıqlama verib. İdman.com.az saytı affa.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis rəqibin kimliyindən asılı olmayaraq, hədəflərinin yalnız qələbə oluğunu deyib:

«Bizim bu toplanışımız Yaponiyaya çətin səfərlə başladı. Buna baxmayaraq, biz orada oyuna qədər iki məşqə də çıxa bildik. Birinci hissədə zəif təsir bağışlasaq da, fasilədən sonra qol epizodları yaratdıq. Bütövlükdə, oyunumuzdan razı qaldım. Ağır mövsümdən sonra belə rəqiblə qarşılaşmada topladığımız təcrübəni qənaətbəxş hesab edirəm. İndi isə səbrsizliklə tibbi testlərin nəticəsini gözləyirəm. Onun nəticələrinə əsasən hər bir futbolçu ilə fərdi qaydada hazırlıaşmalı olacağıq. Onlarla xüsusi söhbətim də olacaq.

Azərbaycan yığmasının üzvləri üçün motivasiya problem olmamalıdır. Fələstin yığması ilə oyundan sonra bəzi futbolçularda motivasiya çatışmazlığı ilə üzləşmişdim. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq, qələbə qazanmağımızı istəyirəm. Meydana çıxan hər bir futbolçunun bir məqsədi olmalıdır – qələbə qazanmaq».

Qeyd edək ki, «ay-ulduzlular»ımız Almaniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün saat 20:00-da Andorra seçməsi ilə qarşılaşacaq.

Xəbər 963 dəfə oxundu.