“Sabah” klubu xorvatiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb
“Sabah” futbol klubunun yeni baş məşqçisi bəlli olub. Komandanı bundan sonra xorvatiyalı mütəxəssis Jelko Sopiç çalışdıracaq.

Azsport.az kluba istinadla xəbər verir ki, 45 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağlanıb.

Xorvatiyalı mütəxəssis futbolçu karyerası ərzində Xorvatiyanın “Zaqreb”, “Slaven Belupo”, “Lokomotiva”, Almaniyanın “Borussiya” (Münhenqladbax), “Rot Vays Alen” klublarında çıxış edib.

J.Sopiç məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda başlayıb. Bu klubda köməkçi məşqçi kimi çalışmış xorvat mütəxəssis, daha sonra Xorvatiyanın “Rudes” və “Dinamo Zaqreb B” klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” klubunda köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında baş məşqçi vəzifəsində çalışıb.

“Əl-Əyn” ilə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanan mütəxəssis bu klubun U-21 komandası ilə ölkə çempionu olub.

Otuz bir yaşlı xorvatiyalı mütəxəssis Marko Lozo J.Sopiçin köməkçisi təyin olunub.

Xatırladaq ki, müvəqqəti olaraq baş məşqçi funksiyasını yerinə yetirən İqor Ponomaryov klubda Müşahidə Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcək.

Xəbər 723 dəfə oxundu.