Həndbol üzrə Azərbaycan çempionatının altıncı turunda favoritlər qalib gəliblər
Kişi həndbolçular arasında respublika çempionatının altıncı turunda favoritlər qələbə qazanıblar. Sonuncu ölkə çempionatının qalibi “Məhsul” autsayder U-18 komandası ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Rəqibi bütün göstəricilərdə üstələyən “Məhsul” 32:22 hesabı ilə qalib gəlib.

“Bakı” – “Təhsil” matçında isə nominal ev sahibinin imkanları daha yüksək qiymətləndirilirdi. Çempionluq uğrunda mübarizə aparan “Bakı” xal ehtiyatını artırmaq fürsətini qaçırmayıb. Təcrübəli rəqibin kəskin hücumlarını dəf etməkdə çətinlik çəkən “Təhsil” həndbolçuları növbəti məğlubiyyətlə barışmalı olublar – 18:30.

Bu qələbə ilə xal sayını 10-a çatdıran “Bakı” yarış cədvəlinə başçılıq edir. Eyni xala malik “Məhsul” ikinci pillədə qərarlaşıb. Üç xalı olan “Təhsil” üçüncüdür. Autsayder U-18-in aktivində isə 1 xal var.


Xəbər 930 dəfə oxundu.