Bakıda karate üzrə ölkə çempionatının açılışı mərasimi olub
Noyabrın 22-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyinin, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov müxtəlif yaş qruplarında mübarizə aparan idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə idmanın digər növləri kimi, karatenin də inkişafına yüksək diqqət və qayğı göstərdiyini vurğulayan Yaşar Bəşirov karateçilərimizin bu etimadı doğrultmaq üçün “Tokio-2020” Yay Olimpiya Oyunlarında uğurla çıxış edəcəklərinə əminliyini bildirib. O, ölkəmizdə karatenin kütləviliyinin artırılması, gənc istedadlı idmançıların müəyyənləşdirilərək üzə çıxarılması baxımından belə turnirlərin əhəmiyyətini qeyd edib.
Digər çıxışlarda da ölkəmizdə karatenin inkişafından və idmanın bu növü üzrə qazanılan nailiyyətlərdən məmnunluq ifadə olunub.

Çıxışlardan sonra gənc karateçilərin paradı olub.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar. Kişi və qadınlar, eləcə də parakarateçilər noyabrın 22-də, uşaqlar və yeniyetmələr ertəsi günü, gənclər isə noyabrın 24-də mübarizəyə qoşulacaqlar. Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Xəbər 719 dəfə oxundu.