İdman Jurnalistikası magistr proqramının tələbələri Böyük Britaniyada təlim-təcrübə səfərindədirlər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası magistr proqramının tələbələrinin Böyük Britaniyaya növbəti səfərləri baş tutub. Təlim-təcrübə məqsədi daşıyan səfər çərçivəsində İnglitərənin London, Şeffield, Koventri, Stradford, Mançester və digər şəhərlərində olacaq proqramın ikinci kurs tələbələri ölkənin mədəni, ictimai həyatı ilə yanaşı, ixtisasları üzrə bir sıra qurum və təşkilatlara da baş çəkəcəklər. Bunlara misal olaraq BBC-nin əsas və regional ofislərini, Böyük Britaniyanın tanınmış media və PR təşkilatlarını, həmçinin tarixi əhəmiyyətli məkanlarını qeyd etmək olar.

Bundan əlavə səfər müddətində tələbələrə partnyor universitet, Böyük Britaniyanın Şeffield Hallam Universitetində əsas modullardan biri intensiv şəkildə tədris olunmağa başlayıb. Belə ki, tələbələr Şeffield Hallam Universitetinin radio və TV studiyaları ilə tanış olub, bu sahədə ixtisaslaşmış müəllim və ekspertlərin mühazirələrinə qatılmaqdadırlar.

Məlumat üçün bildirək ki, İdman Jurnalistikasının magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətə davamlı kadrların yetişdirilməsidir. Bu magistr ixtisası nəinki Azərbaycanda, Qafqaz regionunda bir ilkdir. Təhsil proqramı Böyük Britaniyanın Şeffield Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

İdman jurnalistikası proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir.

Bu magistr proqramında təhsil alacaq magistrlar onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, online media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Xəbər 1327 dəfə oxundu.