Bakıda təşkil olunacaq alpaqut üzrə ikinci dünya çempionatı ilə bağlı beynəlxalq konfrans keçirilib
Bakıda təşkil olunacaq alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı ilə əlaqədar noyabrın 21-də beynəlxalq konfrans keçirilib.

Konfransda Dünya və Azərbaycan Alpaqut federasiyalarının, ikinci dünya çempionatında iştirak üçün ölkəmizə gəlmiş komandaların nümayəndələri iştirak ediblər.

Konfransda alpaqut döyüş sənətinin qurucusu, Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri, kutsan Vasif Namazov, federasiyasının texniki direktoru Tuncay Merinci, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse-prezidenti Nuranə Şıxəliyeva və digərləri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, alpaqut idman növünə dünyada maraq getdikcə artır. Bakıda alpaqut üzrə birinci dünya çempionatının ötən il yüksək səviyyədə təşkil olunduğunu vurğulayan konfrans iştirakçıları ikinci turnirin də uğurla keçiriləcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək. Yarış döyüş sənətinə daxil olan beş - aypara, batur, caymaz, qurşaq və kaçut sistemləri üzrə təşkil olunacaq. Dünya çempionatında 24 ölkədən 500-dən çox idmançı mübarizə aparacaq.


Xəbər 613 dəfə oxundu.