Bu gün Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək
Noyabrın 21-də Paraqvayda çimərlik futbolu üzrə XX dünya çempionatı start götürəcək.

FIFA-nın təşkilatçılığı ilə keçirilən və dekabrın 1-dək davam edəcək çempionatda 16 komanda 4 qrupda mübarizə aparacaq.

Ev sahibi Paraqvay komandası A qrupunda Yaponiya, İsveçrə və ABŞ seçmələri ilə yarışacaq. Uruqvay, Meksika, İtaliya və Tahiti milliləri B, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Seneqal və Rusiya komandaları C qrupunda yer alıblar. D qrupunda isə Braziliya, Oman, Portuqaliya və Nigeriya yığmaları mübarizə aparacaqlar.

Çempionatın qrup mərhələsinin görüşləri noyabrın 21-26-da oynanılacaq. Noyabrın 28-də dörddəbir, 30-da yarımfinal qarşılaşmaları keçiriləcək. Üçüncü yer uğrunda oyun və final matçı dekabrın 1-də təşkil olunacaq.

Oyunların idarə olunmasında azərbaycanlı FIFA referisi İnqilab Məmmədov da iştirak edəcək.

Çimərlik futbolu üzrə Azərbaycan seçməsi çempionatın iyulun 19-27-də Moskvada keçirilən təsnifat yarışlarında qrup mərhələsinin birinci dövrəsində qrupdan çıxa bilsə də, ikinci dövrədə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, çimərlik futbolu üzrə ilk dünya çempionatı 1995-ci ildən etibarən keçirilir. 2005-ci ildən FIFA-nın bayrağı altında keçirilən bu turnir 2009-cu ildən başlayaraq iki ildən bir təşkil olunur. İndiyədək Braziliya bu turnirə 13 dəfə, Fransa, BƏƏ, İtaliya, Taiti, Portuqaliya və Baham adaları hərəsi bir dəfə ev sahibliyi edib. 2021-ci ildə çempionat Rusiyada keçiriləcək.

Çimərlik futbolu üzrə ən çox çempionluq titulu bu turnirin sonuncu qalibi Braziliya seçməsinə məxsusdur. Braziliyalılar kuboku 14 dəfə başları üzərinə qaldırıblar. Portuqaliya və Rusiya iki, Fransa isə bir dəfə çempion olub.

Xəbər 725 dəfə oxundu.