“Avro 2020” Könüllülər Proqramının universitet təqdimatları yekunlaşıb
“Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri tədbirə hazırlıq məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək Bakının 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatını keçiriblər.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, 5 mindən çox tələbənin iştirak etdiyi təqdimatlarda Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də “Avro 2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirlərdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA əməkdaşları, “Avro 2020” Təşkilat Komitəsinin nümayəndəsi, eyni zamanda, Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübə və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, Könüllülər Proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-dur. Bugünədək 6 mindən çox könüllü qeydiyyata alınıb ki, bu göstərici ilə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında Bakı birincidir.

Proqramın müsahibə mərhələsinə isə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək 4 mindən çox namizəd iştirak edib.

Proqram haqqında ətraflı məlumat Bakı “Avro 2020”nin rəsmi veb-saytında - euro2020.affa.az səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır.

Xəbər 749 dəfə oxundu.