Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında ikinci tur başa çatıb
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatında (Region Liqasının Naxçıvan regionu üzrə) mövsümün ikinci turuna yekun vurulub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın ikinci turunun ilk oyunlarında qərb zonasında mübarizə aparan komandalar meydana çıxıblar. “Arpaçay”-“Sədərək” görüşü birincinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci görüşdə isə “Kəngərli” komandası Naxçıvan Dövlət Universitetinin komandasını 2:1 hesabı ilə məğlub edərək növbəti 3 xalını qazanıb.

Mərkəzi zonanın oyunlarında isə “Babək” komandasını sınağa çəkən “Araz-Naxçıvan” cari mövsümdə keçirdiyi ilk görüşdə meydanı 7:0 hesablı qələbə ilə tərk edib. Ötən turda qələbəni bayram edən “Dübəndi” komandası bu dəfə “Batabat”ı məğlub etməyi bacarıb – 7:2.

Qeyd edək ki, çempionat mərkəz və qərb zonaları üzrə keçirilir. Müvafiq olaraq 3 və 5 dövrədən ibarət zona yarışlarının sonunda turnir cədvəlində 1 və 2-ci yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Burada qalib olan komanda isə muxtar respublikanı Azərbaycan Region Liqasında təmsil edəcək.

Xəbər 751 dəfə oxundu.