Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.

Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi hadisə olduğunu bildirib. O qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikamızda bır sıra siyasi təşkilatlar yaradılsa da, xalqın inamını doğrulda bilmədi. Həmin vaxt Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə çox acınacaqlı vəziyyət yaranmışdı və insanlar sabaha ümidlərini itirmişdilər. Digər tərəfdən isə Ermənistan tərəfindən torpaqlarımızın işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız nicat yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Buna görə də bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək siyasi partiya yaradılmasını xahiş etdilər. Ulu Öndərimiz müraciətə müsbət cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Beləliklə, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq ümumxalq partiyasına çevrildi.

Həmin dövrdə Azərbaycanın iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Novruzov 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

S.Novruzov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 27 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyi möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Partiyamızın sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.

YAP İcra katibinin müavini deyib ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr də xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Hazırda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirildiyini deyən S.Novruzov bildirib ki, belə tədbirlərdən biri də bu gün təşkil olunan şahmat yarışıdır. O, bu istiqamətdə tədbirlərin davamlı olacağını söyləyib.

Qeyd edək ki, Əməkdar məşqçi, FIDE-nin məşqçısı, beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov tərəfindən eyni zamanlı seans şahmat yarışmasında YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarından olan şahmatçılar iştirak ediblər.

Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb. Mükafatları Mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Anar Allahverdiyev təqdim ediblər.

AZƏRTAC

Xəbər 700 dəfə oxundu.