Budo döyüş növləri üzrə açıq Astara çempionatına yekun vurulub
Astara Boks Mərkəzində uşaqlar, yeniyetmələr və gənclər arasında budo döyüş növləri üzrə açıq rayon çempionatı keçirilib.

Astara Rayon Gənclər və İdman İdarəsi və Astara Budo Döyüş Növləri Klubunun birgə təşkilatçılığı keçirilən yarışın məqsədi gənclər arasında dövlətçilik ruhunun, vətənpərvərlik tərbiyəsinin təbliği və tərənnümü, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, budonun kütləviliyinin inkişaf etdirilməsi olub.

Tədbirin açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev rayonda idmanın bu növü üzrə təlim-məşq toplanışlarının müntəzəm olaraq keçirildiyini, idmançıların respublika və beynəlxalq yarışlarda yüksək nəticələrə nail olduqlarını qeyd edib.

Yarış Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çempionatda Bakıdan və Masallıdan 2, Astaradan isə 5 komanda iştirak edib.

Müxtəlif çəki dərəcələrində ilk üç yerdə qərarlaşan idmançılar Astara Rayon Gənclər və İdman İdarəsinin və Astara Budo Döyüş Növləri Klubunun diplomları və medalları ilə təltif olunublar.

Xəbər 768 dəfə oxundu.