ADBTİA məzunlarına diplomlar təqdim edildi
Akademiya “İdman tibbi və reabilitasiya", “İdman menecmenti" ixtisasları üzrə ingilis dilində beynəlxalq tədrisini uğurla davam etdirir

Noyabrın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ingilis dilində tədris olunan magistr proqramları məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirildi.

Dövlət himnimizin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində Akademiyanın gündəlik təlim-tədris həyatından bəhs edən qısa videoçarx nümayiş etdirildi. ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək müasir əmək bazarına rəqabət qabiliyyətli kadrların yetişdirilməsi yolunda son illərdə görülən işlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Akademiya bacarıqlı kadrların yetişdirilməsi üçün bir çox addımlar atıb. Hələ ötən il noyabrın 16-da dövlətimizin başçısı ölkəmizin ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramını təsdiq edib. Bu məqsədlə, idman təhsili sahəsində müxtəlif tədris modelləri öyrənilib və bunun əsasında hələ 2017-ci ildən etibarən ADBTİA-nın magistratura səviyyəsində "İdman tibbi və reabilitasiya", "İdman menecmenti" və "İdman jurnalistikası" ixtisaslarının ingilis dilində və beynəlxalq standartlara uyğun tədrisinə başlanılmışdı.
Rektor bildirdi ki, bu gün diplom alan gənclər "İdman tibbi və reabilitasiya" və "İdman menecmenti" ixtisaslarının ilk məzunlarıdır.

Tədbirdə "İdman tibbi və reabilitasiya" proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun aparıcı eksperti, AİBA-nın Tibbi komissiyasının rəhbəri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Avropanın "İdman tibbi" tədris standartının müəllifi doktor Maykl Pol Luzmor, "İdman menecmenti" magistr proqramının xarici eksperti, Tübingen Universitetinin professoru, Almaniya Köln İdman Universitetinin dosenti, Avropa İdman İqtisadiyyatı Assosiasiyasının təsisçisi Tim Pavlovski və ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-Zadə çıxış edərək görülən işlərdən, tədris prosesindən danışdılar, ilk məzunlara uğurlar arzuladılar.

Çıxışlardan sonra Gənclər və İdman naziri Azad Rəhimov Maykl Pol Luzmor və Tim Pavlovskiyə Gənclər və İdman Naziriliyinin fəxri fərmanlarını təqdim etdi. Ardınca nazir Azad Rəhimovla birgə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, UCL Universitetinin Professoru Mayk Luzmor, Avropa Gimnastika Birliyinin prezidenti Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, ADBTİA-nın prorektoru Təhminə Tağı-zadə, "İdman menecmenti" magistr proqramının xarici eksperti Tim Pavlovski və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin iştirakı ilə məzunlara diplomların təqdim edilməsi oldu. Onlar "İdman tibbi və reabilitasiya" proqramının məzunları Müjqan Muradova, Nigar Heydərova, Olcay Bayramov, Vüsalə Kazımova, Zərifə Kamilova və "İdman menecmenti" proqramının məzunları İsmayıl Aşırov, Cəmil Əliyev, Yaşar Paşazadəyə magistr diplomlarını təqdim etdilər. Təqdimetmə zamanı "İdman tibbi və reabilitasiya" proqramının məzunlarına UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun sertifikatları da verildi.

Sonda tələbələrin adından "İdman tibbi və reabilitasiya" magistr proqramının məzunu Zərifə Kamilova çıxış edərək onların belə yüksək səviyyədə təhsil almalarına şərait yaradıldığı üçün dövlətimizə və Akademiya rəhbərliyinə minnətdarlıq etdi.

Tədbirin bədii hissəsində "Mix Art" kvartetinin ifasında klassik musiqilər səsləndirildi.

Xəbər 2078 dəfə oxundu.