Azərbaycanın yeniyetmə qılıncoynadanı “European Cadet Circuit” yarışında gümüş medal qazanıb
Azərbaycan qılıncoynadanı Zərifə Hüseynova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “European Cadet Circuit” turnirində 14 yaşadək yeniyetmə sablyaçı qızların şəxsi yarışında gümüş medala sahib olub.

Qrup mərhələsində bütün rəqiblərini məğlub edən Z.Hüseynova 6 qələbə qazanaraq otuzikidəbir finala vəsiqəni təmin edib. Bu mərhələdə Bolqarıstan təmsilçisi Maya Antonovanı 15:2 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə Türkiyə idmançısı Ayşe Naz üzərində 15:6 hesablı qələbə qazanıb. Səkkizdəbir finalda türkiyəli digər sablyaçı Nehir Yıldırıma 15:2 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir finalda Yunanıstan təmsilçisi Danai Pigi ilə görüşü də qələbə (15:4) ilə başa vurub. Yarımfinalda bolqarıstanlı Kalina Atanasovaya 15:11 hesabı ilə qalib gələn Z.Hüseynova gərgin idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında macarıstanlı Emese Domonkosa 12:15 hesabı ilə uduzub. Beləliklə turniri ikinci sırada başa vuran Z.Hüseynova gümüş medal, diplom və hədiyyə ilə mükafatlandırılıb.

Sablyaçımızın məşqçisi Cahangir Səfərov da turnirin xatirə medalına layiq görülüb.

Xəbər 813 dəfə oxundu.