Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
Fransa boksu – savat ölkədə geniş populyarlıq qazanıb. Fransada idmanın bu növü ilə məşğul olanların sayı ildən-ilə artır. Fransada savat üzrə 800 klub fəaliyyət göstərir.

Bu sözləri Dünya Savat Federasiyasının vitse-prezidenti Joel Dumez noyabrın 15-də Fransa-Azərbaycan Universitetində təşkil olunan mətbuat konfransında deyib.

Savatın özünəməxsus cəhətlərindən və dünyada sürətli inkişafından danışan qonaq Azərbaycanda idmanın bu növünün kütləviliyinin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilir. Ölkəniz irimiqyaslı idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi edir. Ümid edirəm ki, 2021-ci və 2022-ci illərdə Bakıda təşkil olunacaq Avropa çempionatları da möhtəşəmliyi ilə yaddaşlarda daim qalacaq.
Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev idmanın bu növünün dörd ildir ölkəmizdə inkişaf etdirildiyini deyib. Vurğulayıb ki, savatın Azərbaycanda yeni olmasına baxmayaraq, artıq idmançılarımız dünya və Avropa çempionatlarında böyük uğurlar qazanıblar.

R.Əliyev Avropa Savat Konfederasiyasının prezidenti Rodolf Rodomun və Beynəlxalq Savat Federasiyasının prezidenti Joel Dumezun ölkəmizə səfərləri çərçivəsində bir sıra görüşlər keçirdiklərini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov ilə görüşdə ölkəmizdə 2021-ci ildə savatın assa, 2022-ci ildə isə kombat növləri üzrə Avropa çempionatlarının keçilməsi barədə razılıq əldə olunub. Həmçinin Fransa Savat Federasiyasının məşqçilərinin Azərbaycanda seminarlar keçməsi barədə də fikir mübadiləsi aparılıb.

Tədbirdə qeyd olunub ki, səfər çərçivəsində, həmçinin noyabrın 16-da Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyası ilə və Fransanın Savat Federasiyası arasında konvensiya imzalanacaq.

Sonra jurnalistlərin və tədbir iştirakçılarının sualları cavablandırılıb.


Xəbər 731 dəfə oxundu.