Azərbaycanda idmanın inkişafı yüksək qiymətləndirilib
Azərbaycan Savat Federasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Avropa Savat Konfederasiyasının prezidenti Rodolf Rodom və Beynəlxalq Savat Federasiyasının prezidenti Joel Dumez noyabrın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Daha sonra Rodolf Rodom və Joel Dumez Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri X.İsayev ilə görüşüblər.

Görüşdə qonaqlar Azərbaycanın idman sahəsində böyük inkişaf yolu keçdiyini, ölkəmizin dünyada beynəlxalq yarışların yüksək səviyyəli təşkilatçısı kimi tanındığını vurğulayıblar. Qeyd olunub ki, dünyada getdikcə böyük populyarlıq qazanan savat idman növünün Azərbaycanda daha da inkişaf etdirilməsi istiqamətində federasiya ilə əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan MOK-un vitse-prezidenti X.İsayev ölkə idmanının inkişaf etdiyini, atletlərimizin ən mötəbər yarışlarda nailiyyətlər qazandıqlarını diqqətə çatdırıb. O, ölkəmizdə ədalətli oyunlar sahəsində görülən işlər barədə federasiya rəsmilərinə məlumat verib. Qeyd edib ki, Ədalətli Oyunlar Hərəkatı sülh və həmrəylik rəmzi hesab olunmaqla yanaşı, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına mühüm töhfə verir.
Qonaqlar Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edib, qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Görüşdə qonaqlara X.İsayevin müəllifi olduğu “Olimpiya tarixi, idman siyasəti” və “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabları hədiyyə edilib.

Xəbər 707 dəfə oxundu.