Abşeron İdman Olimpiya Kompleksində V Uşaq Paralimpiya İdman Oyunları keçirilir
Abşeron İdman Olimpiya Kompleksində noyabrın 14-də UNİSEF-in Azərbaycan nümayəndəliyinin, “Azercell Telekom” MMC-nin və “BP Azərbaycan”ın dəstəyi ilə V Uşaq Paralimpiya İdman Oyunları start götürüb. Yarışlara ölkəmizin bütün regionlarını təmsil edən 200-ə yaxın paralimpiyaçı qatılıb. Oyunlar idmanın 7 növü üzrə keçirilir.

V Uşaq Paralimpiya İdman Oyunları Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs, BMT-nin xoşməramlı səfiri Muniba Mazari iştirakçıları salamlayaraq uğurlar arzulayıblar.

Sonra sağlamlıq imkanları məhdud uşaqlar para cüdo, boccia, stolüstü tennis, parataekvondo, üzgüçülük, qolbol, pauerliftinq və əlil arabasında rəqs idman növləri üzrə yarışlarda bacarıqlarını sınayıblar.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək nəzdində Uşaq Paralimpiya Komitəsi yaradıb. 2014-cü ildən başlayaraq hər il Respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir.

Xəbər 817 dəfə oxundu.