Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilir
Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunur. Tədbirdə tamaşaçılar fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanmış insanların həyat hekayələrini birbaşa onların dilindən eşidəcəklər.

“Yenilməzlərin” ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insanlara çevrilməyi bacaran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Ser Filip Kreyven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburidir.

Ser Filip Kreyven 16 yaşında olarkən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə, bütün dünyada əlil idmanının və paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verib. Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanının dostu Entoni Seynsburi haqqında da demək olar.

Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olacaq. Onun hərbi xidmət zamanı düşmən gülləsinə tuş gəlməsi nəticəsində görmə qabiliyyətini itirməsinə baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdiriləcək. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilən tamaşada yer alacaq.

Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyev ilə eyni səhnəni bölüşəcək. Oleq Kretsulun bu tədbirdə yer alması təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-ci ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atıb. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməyib və Oleq Kretsul bu dəfə paracüdo idmanında uğurlar qazanıb və paralimpiya çempionluğuna qədər yüksələ bilib.

Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri Muniba Mazaridir. Pakistanın “dəmir ledisi” kimi tanınan Muniba keçirdiyi qəza nəticəsində əlil arabasından istifadə etməyə məcbur olub. Fiziki məhdudiyyətlərini və digər stiqmaları dəf edən Muniba Mazari dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. BBC tərəfindən dünyanın 100 güclü qadını, “Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu insandan siyahısında yer alıb.

Xəbər 1281 dəfə oxundu.