Avropa kuboku: Komandalarımız Rusiya və Ukrayna şahmatçıları ilə mübarizə aparacaqlar
Noyabrın 13-də Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku turnirinin dördüncü turunun oyunları keçiriləcək.

Növbəti turda “Vüqar Həşimov” klubu Rusiyanın “Molodejka”, “Odlar Yurdu” isə Kiyev Şahmat Federasiyasının yığması ilə mübarizə aparacaq.

Qeyd edək ki, “Vüqar Həşimov” klubu ötən turların hamısında qələbə qazanıb. Belə ki, klub Belçikanın “Fonteine” komandasını 5:1, Sloveniyanın “Maribor” yığmasını 4,5:1,5, Rusiyanın “Primorsky District” klubunu isə 3,5:2,5 hesabla məğlub edib. Digər komandamız “Odlar Yurdu” isə birinci turda İsrailin “Rishon Lezion” komandasını 4:0 hesabla məğlub etsə də, sonrakı turlarda “Nona” (Gürcüstan) və “AVE Novy Bor” (Çexiya) şahmatçıları ilə heç-heçə edib.

Şahmatçılarımız Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa “Vüqar Həşimov” klubunun, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova “Odlar Yurdu” komandasının heyətində mübarizə aparırlar.

Xəbər 688 dəfə oxundu.