Bekhemin idman gəliri azalıb
İngiltərə yığmasının keçmiş kapitanı, hazırda ABŞ-da «Los Anceles Qalaksi»nin şərəfini qoruyan Devid Bekhem artıq Şimali Amerika futbol liqasının ən yüksək ödənişli futbolçusu deyil. İdman.com.az saytının məlumatına görə, indi liqada ən çox pul alan futbolçu Tyerri Anridi. «Nyu York Red Bullz»un frasnalı oyunçusunun illik maaş və mükafatları 5,6 milyon dollar həddindədir. İkinci pillədə onun həmklubu, ispan «Barselona»sının keçmiş oyunçusu Rafael Markesdir. Onun klubdan aldığı 4,6 milyondur.

Mələklər şəhərindən olan 37 yaşlı yarımmüdafiəçi Devid Bekhemin enişinin səbəbi isə 2012-ci ildə bağladığı yeni müqavilədi. Bundan belə Bekhem ildə klubdan 4 milyon alacaq. Bu məbləğin 3 milyonu təmiz maaşdı. Bundan öncəki müqavilədə isə futbolçunun maaşı 5,5 milyon həddində idi. Mükafatlarla isə onun gəlirləri 6,5 milyona çatırdı. Göründüyü kimi, Los Ancelesdə qalmağa razılıq verən futbol ulduzu bununla peşəkar gəlirindən 40 faizini itirib.

Devid Bekhem karyerası boyu İngiltərə çempionatının, Kubokunun, Superkubokunun, İspaniya çempionatı və Superkubokunun, Çempionlar Liqası və Qitələrarası Kubokun, həmçinin Şimali Amerikada MLS çempionatının qalibi olub. İngiltərə yığmasında 115 oyun keçirib, 17 qol vurub.

Xəbər 1029 dəfə oxundu.