Aerobika gimnastlarımız gələn il Bakıda keçiriləcək dünya kuboku üçün yeni proqram hazırlayırlar
Ümid edirəm ki, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının aerobika gimnastikası üzrə ikinci səviyyəli məşqçi kurslarının iştirakçıları imtahandan uğurla keçəcək və gələn il üçüncü səviyyə kurslarda iştirak edəcəklər.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bunu aerobika gimnastika üzrə komandamızın baş məşqçisi, FIG Akademiyasının eksperti Marian Kolev deyib.
M.Kolev bildirib ki, keçən il Bakıda aerobika gimnastikası üzrə birinci dərəcəli kursları keçirilib. İndi ikinci dərəcəli kurslar təşkil olunur. Bütün iştirakçılar imtahanlarda yaxşı nəticə göstərsələr, növbəti - üçüncü dərəcəyə keçəcəklər.

FIG Akademiyasının eksperti qeyd edib ki, kursların hər dərəcəsi arasından ən az bir il vaxt keçməlidir: “Mən və FIG Akademiyasının eksperti Katya Lemos praktik dərslər keçirik. İdmançı hazırlamaq, kompozisiya barədə danışırıq və kurs rəhbəri, FIG Akademiyasının eksperti Olqa Kiseloviçova anatomiya, fiziologiya və biomexanika üzrə nəzəri dərslər tədris edir. Məşqçi kurslarında 19 nəfər iştirak edir. Onlardan 11-i Azərbaycan təmsilçisidir. FIG Akademiyasının kursları sayəsində məşqçilər çox faydalı və zəruri məlumatlar əldə edirlər.

Hazırda milli komandamızın üzvləri 2020-ci ilin mayında Bakıda keçiriləcək dünya kuboku üçün yeni proqram hazırlayırlar. Azərbaycan gimnastlarının bu il Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aerodans proqramında birinci yeri tutmalarına şadam”.

Xəbər 750 dəfə oxundu.