Olqa Kiseloviçova: AGF aerobika gimnastikası üzrə məşqçilik kurslarını yüksək səviyyədə təşkil edib
Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının aerobika gimnastikası üzrə ikinci səviyyəyə aid məşqçilik kursları yüksək səviyyədə təşkil olunub.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, bu sözləri FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim, Avropa Gimnastika İttifaqının (UEG) aerobika gimnastikası üzrə texniki komitəsinin üzvü Olqa Kiseloviçova deyib.

O bildirib: “Bu kurslar Bakıda ikinci dəfədir keçirilir. Ötən il biz birinci səviyyəli kursları təşkil etdik və həmin kurslardan uğurla keçən iştirakçılar indi ikinci mərhələdə iştirak edirlər. Kurslarda 6 ölkədən - Azərbaycan, Argentina, Meksika, İran, Moldova və Ukraynadan 19 məşqçi iştirak edir. Şadam ki, kurslar yenidən Bakıda keçirilir. Çünki AGF iş üçün gözəl şərait yaradır və bu cür tədbirləri yaxşı təşkil edir”.

O.Kiseloviçova Azərbaycanın aerobika gimnastlarının hazırlıq səviyyəsini yüksək qiymətləndirərək bildirib: “Bu ilin mayında Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında texniki komitənin üzvü qismində iştirak etmişəm. Deyə bilərəm ki, AGF idmançılar üçün hər cür şərait yaradıb. Artıq yaxşı nəticələr də əldə olunub. Azərbaycan komandası Avropa çempionatında aerodans proqramında birinci yer tutub”.

Qeyd edək ki, noyabrın 12-dək davam edəcək kurslar Braziliyadan olan ekspert Katia Lemos və aerobika gimanstikası üzrə Azərbaycan yığmasının baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilir.

Xəbər 835 dəfə oxundu.