Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Moldova Paralimpiya Komitəsinin prezidenti, Paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib.

Məşhur idmançı Heydər Əliyev Fondu və Azərbaycan Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Təqdimatda O.Kretsulun da çıxışı olacaq.

O.Kretsul gəncliyində beynəlxalq və ümumittifaq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olmuşdur. On altı yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanmış, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirmişdir.1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edir, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirir. Bir müddət sonra yenidən cüdoya qayıdır, amma bu dəfə paralimpiyaçı kimi.

Paralimpiya hərəkatına qoşulduqdan sonra O.Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibidir, dörd qat dünya və üç qat Avropa çempionudur, Əməkdar idman ustasıdır.

Xəbər 877 dəfə oxundu.