Anar Allahverdiyev: “Vüqar Həşimov” komandasının klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı
“Vüqar Həşimov” komandasının Monteneqroda start götürən şahmat üzrə klublararası Avropa kuboku turnirində debütü uğurlu alındı. Komanda Belçikanın “Fonteine” klubunu 5:1 hesabı ilə məğlub edərək yarışa uğurlu start verdi.

Bu sözləri komandanın üzvü və kapitanı, Əməkdar məşqçi Anar Allahverdiyev müsahibəsində deyib.

Komandada ab-havanın yüksək olduğunu deyən A.Allahverdiyev qeyd edib ki, heyətdə birinci lövhədə üçqat Avropa çempionu, tanınmış qrossmeysterimiz Rauf Məmmədov yer alıb. Növbəti lövhələrdə gənc qrossmeysterlər Vüqar Əsədli və Ülvi Sadıqov mübarizə aparırlar. Dördüncü və beşinci taxtada olan şahmatçılar mən və Sərxan Həşimov ehtiyat oyunçularıq. Ancaq ilk turda dördüncü taxtada Nataliya Buksa gücünü nümayiş etdirdi. Beşinci lövhədə 16 yaşadək idmançılar arasında dünya çempionu və yaşıdları arasında Olimpiadanın qalibi Aydın Süleymanlı yarışıb. Altıncı lövhədə isə dəfələrlə ölkə birinciliyinin qalibi, U-16 şahmat Olimpiadasının qızıl medalçısı və öz taxtasında ikinci olan Əhməd Əhmədzadə yer alıb.

Əməkdar məşqçi bildirib: “Ümid edirəm ki, ilk turda qazandığımız uğuru davam etdirəcəyik. Komandamız hazırda turnirdə 13-cü pillədə qərarlaşıb. Məqsədimiz daha yuxarı pillələrdə yer almaqdır. Çalışırıq ki, ilk onluqda qərarlaşaq. Klub olaraq əsas məqsədimiz isə gənc və perspektivli sahmatçıların belə mötəbər turnirdə iştirakına imkan yaratmaqdır. Belə yarışlarda iştirak onların ustalığının artmasına çox kömək edir”.
Mərhum Vüqar Həşimovun yeniyetmə şahmatçılara dəstək olduğunu bildirən A.Allahverdiyev onun şahmatçılara ustad dərsləri keçmək, beynəlxalq turnirlərə cəlb olunmasına kömək etmək arzularının hazırda Vüqar Həşimov Fondu tərəfindən uğurla həyata keçirildiyini deyib.


AZƏRTAC

Xəbər 722 dəfə oxundu.