Azərbaycan Yay Paralimpiya Oyunlarına 6-cı lisenziyanı qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

Yarışların ikinci günündə Azərbaycan paralimpiyaçısı Samir Nəbiyev F57 kateqoriyasında nüvəitələmə yarışında 14,06 metr nəticə göstərərək dördüncü yerə sahib olub. Bu yarışlarda ilk dördlüyə düşən idmançılar “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar. İdmançımız ilk dördlüyə düşdüyünə görə Tokio Paralimpiyadasına lisenziyanı təmin edib.

Beləliklə, “Tokio 2020” üçün qazanılmış lisenziyalarımızın sayı 6-ya yüksəlib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 15-dək davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışlara qatılacaqlar.

Bundan əvvəl Yelena Taranova və Kamran Zeynalov güllə atıcılığı, Elşən Hüseynov parapauerliftinq, Roman Saley paraüzgüçülük, Kamil Əliyev isə paraatletika üzrə lisenziyanı təmin ediblər.

Xəbər 916 dəfə oxundu.