Nardaran qəsəbəsində Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
Noyabrın 8-də Sabunçu rayonu Nardaran qəsəbəsində 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımızı qoruyaq” devizi altında veloyürüş keçirilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yürüşdə 300-dən çox yeniyetmə və gənc iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və məktəblilərin paradı olub.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbirdə çıxış edərək dövlət bayrağının tarixindən danışıb. Bildirib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız qürurla dalğalanır.

O, işğal altındakı torpaqlarımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində düşməndən azad ediləcəyi, dövlət bayrağımızın Xankəndidə, Şuşada və digər şəhərlərimizdə dalğalanacağı günün uzaqda olmadığını əminliklə vurğulayıb.

Milli Məclisin deputatları Eldar Quliyev, Fazil Mustafa və Dilarə Cəbrayılova Azərbaycan bayrağının hər bir vətəndaşın qürur rəmzinə çevrildiyini bildiriblər. Diqqətə çatdırılıb ki, bu gün üçrəngli bayrağımızın kölgəsi altında sıx birləşən xalqımız işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığına inanır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da deyib ki, müasir Azərbaycan gənci bayrağını sevir, tarixini bilir və ona sıx bağlıdır. Gənclərimiz üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda yenidən dalğalandırmaq üçün mübarizəyə hər an hazırdırlar.

Çıxışlardan sonra veloyürüşə start verilib. Yürüşə Azərbaycan Velosiped İdmanı Federasiyasının və Qəsəbənin həvəskar velosipedçiləri də qoşulublar. Start və finiş nöqtəsi Nardaran Mədəniyyət Mərkəzinin qarşısında olan veloyürüş zamanı iştirakçılar qəsəbənin küçələri ilə dövrə vurublar.

Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı Gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və velosiped idmanına marağın artırılmasıdır.

Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir sıra şəxslər təltif ediliblər.

Mərasim konsert proqramı ilə başa çatıb.


Xəbər 750 dəfə oxundu.