Zəlimxan Hüseynov sərbəst güləş yığmamıza baş məşqçi əvəzi təyin olunub
Noyabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında qurumun prezident əvəzi Namiq Əliyevin rəhbərliyi altında geniş tərkibdə iclas keçirilib.

Tədbirdə AGF rəhbərliyi ilə yanaşı, güləş yığmalarımızın məşqçiləri iştirak ediblər. Federasiyanın başçısı sərbəst güləş üzrə millimizdə böyük məşqçi Zəlimxan Hüseynovun bundan sonra baş məşqçi əvəzi kimi fəaliyyət göstərməsinə qərar verildiyini açıqlayıb. Arif Abdullayevlə yanaşı, daha bir köməkçi-məşqçinin əsas komandada çalışması məqsədəuyğun sayılıb.

N.Əliyev iclasda əsas hədəfin “Tokio 2020” olduğunu bildirib:
“Təəssüf ki, Nur-Sultanda keçirilən dünya çempionatında cəmi 2 lisenziya qazandıq. Biz daha yaxşı nəticə gözləyirdik. Mümkün qədər çalışmalıyıq ki, martda Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində əksər lisenziyaları əldə edək. Hədəf heç də maksimum sayda vəsiqə qazanmaq deyil. Bizim üçün perspektiv vəd edən çəkilərdə Olimpiadada təmsil olunmalıyıq. Enerjimizi bu istiqamətdə xərcləməliyik. Hamı üzərinə düşən məsuliyyəti dərk etməlidir”.

“Yunan-Roma güləşi üzrə yığmada baş məşqçi məsələsini həll etdik. Artıq komanda yeni çalışdırıcının rəhbərliyi altında plana uyğun hazırlıq keçir. Burada işlər qaydasında gedir. Sərbəst güləş yığmamız baş məşqçisiz idi. Belə qərara gəldik ki, bundan sonra Zəlimxan Hüseynov baş məşqçi əvəzi kimi çalışsın. Arif Abdullayev də əsas komandada işinə davam edəcək. Eyni zamanda, daha bir məşqçini bu milliyə təyin edəcəyik”, - deyə N.Əliyev əlavə edib.

Qeyd edib ki, bütün komandalarda nizam-intizama ciddi riayət edilməlidir. Federasiya olaraq, komandalarımız üçün əlimizdən gələn dəstəyi verəcəyik. Təlim-məşq toplanışları, vitamin təminatı və sair məsələlərlə bağlı problem olmayacaq. Bütün səyimizi ortaya qoyub, yumruq kimi bir hədəfə vurmalıyıq. Tokio Olimpiadasından qızıl medalla qayıtmalıyıq. “Rio 2016”dan zəif çıxış etməyə haqqımız yoxdur. Dekabrda keçiriləcək Azərbaycan çempionatının heyətin müəyyənləşdirilməsi üçün vacib olacağını deyən AGF rəsmisi vurğulayıb ki, vaxtımız çox azdır. Yaxşı hazırlıq keçib, əksər lisenziyaları əldə etməliyik.


Xəbər 750 dəfə oxundu.