WADA-nın İcraiyyə Komitəsi Rusiya ilə bağlı məsələni nəzərdən keçirəcək
Dünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiya Antidopinq Agentliyinin (RUSADA) beynəlxalq məcəlləyə uyğun olmaması məsələsini nəzərdən keçirəcək. Bu təşəbbüs Moskva laboratoriyasının məlumat bazasında aşkarlanan dəyişikliklər səbəbindən ötən iclasda WADA tərəfindən qaldırılmışdı.

Bu gün WADA-nın İcraiyyə Komitəsi Polşanın Katovitse şəhərində toplantı keçirir. Komitə RUSADA-nın statusu üzrə yekun qərar qəbul etməyəcək. Çünki müvafiq komitə bu məsələ ilə bağlı İcraiyyə Komitəsinə tövsiyələri təqdim etməyə macal tapmayıb. Lakin ona bu məsələ ilə əlaqədar yeni məlumat təqdim edilə bilər.

“Rusiya məsələsi artıq WADA-nın İcraiyyə Komitəsinin noyabrın 4-də Katovitsedə keçiriləcək iclasının gündəliyinə daxil edilib. Bu məsələyə hətta müvafiq komitə RUSADA-nın statusunun dəyişdirilməsi ilə bağlı öz tövsiyələrini hazırlamağa çatdırmadığı halda belə baxılacaq. Lakin tövsiyələr olmadığı halda RUSADA-nın statusu barədə heç bir qərar qəbul olunmayacaq. Həmçinin əlavə edə bilərəm ki, WADA Təsisçilər Şurasının noyabrın 7-də təşkil olunacaq iclasında da Rusiya məsələsinə toxunulacaq”, - deyə RUSADA-nın baş direktorunun müavini Marqarita Paxnotskaya bildirib.

WADA-nın müvafiq komitəsinin rəhbəri Conatan Teylor oktyabrın 18-də TASS agentliyinə bildirmişdi ki, Moskva laboratoriyasında baza məlumatlarında dəyişikliklərin aşkarlanmasından sonra RUSADA-ya münasibətdə sanksiyaların tətbiqinin məqsədəuyğunluğu barədə qərar qəbul edilməsi WADA-nın artıq noyabrın 7-dən sonra keçiriləcək növbədənkənar iclasında baş tuta bilər.

Əvvəlcə planlaşdırılırdı ki, RUSADA məsələsinə noyabrın 4-də, WADA-nın İcraiyyə Komitəsinin Katovitsedə keçiriləcək iclasında nöqtə qoyulacaq. Lakin WADA ekspertləri müəyyən edilən müddətədək məlumat bazasında dəyişikliklərin əmələ gəlməsi ilə bağlı Rusiya tərəfinin cavabını öyrənməyə macal tapmayıblar. Rusiyalı ekspertlər cavabı oktyabrın 8-də yollayıblar.

Oktyabrın 28-də WADA Rusiya tərəfindən əlavə izahatların aldığını xəbər vermişdi. Bununla yanaşı, qurum işin öyrənilməsinin noyabrın sonunadək başa çatdırılması üçün əlindən gəldiyini edəcəyini bildirib. Bu isə o deməkdir ki, noyabr ərzində rusiyalı ekspertlərin WADA ilə görüşü keçirilməlidir. Yekunda İcraiyyə Komitəsi üçün tövsiyələrin tərtib edilməsindən ötrü müvafiq komitəyə məlumat təqdim olunacaq.

Hadisələrin belə cərəyan etdiyi vaxtda WADA-nın İcraiyyə Komitəsi RUSADA üzrə qərar çıxarmağa ilin sonunadək, növbədənkənar iclasda macal tapacaq. Bu, o deməkdir ki, qərar təşkilatın indiki prezidenti Kreyq Ridi tərəfindən qəbul ediləcək. Ridinin səlahiyyət müddəti dekabrın 31-də sona çatır. Hətta baxmayaraq ki, noyabrın 7-də, WADA-nın Təsisçilər Şurasının iclasında onun xələfi Polşanın İdman naziri Vitold Banka seçilməlidir.

Əgər təyin olunan müddət yenə dəyişdirilərsə, o zaman İcraiyyə Komitəsinin artıq yeni prezidentin rəhbərliyi ilə qərar qəbul etməsi istisna edilmir.

Yeni müvafiq beynəlxalq standarta görə, milli antidopinq agentliyi məcəlləyə uyğun olmayan ölkənin idmançıları beynəlxalq yarışlara, o cümlədən Olimpiya Oyunlarına iştiraka buraxılmaya bilərlər. Bununla bağlı bir sıra ekspertlər rusiyalı idmançılarla problemləri artıq qabaqcadan bilirlər. Necə ki, 2018-ci il Pxençxan Oyunlarında onlar milli bayraq olmadan çıxış etmişdilər.

2018-ci ilin sentyabrında RUSADA-nın hüquqları bərpa edilib. Bununla yanaşı, Rusiya tərəfinin qarşısına bir sıra şərtlər qoyulub. Qurum WADA-ya rusiyalı idmançıların yoxlanılması barədə məlumat bazasının orijinalını və federal təhqiqatla bağlı onların 2012-2015-ci illər dövründə Moskva laboratoriyasında möhürlənən dopinq nümunələrini təqdim etməlidir.

Rusiya WADA-ya bütün zəruri məlumatları təqdim edib. Lakin şərtlərdə bildirilir ki, bu tələb yalnız baza məlumatlarının bütövlüyü təsdiq olunduğu halda yerinə yetirilmiş hesab ediləcək. Hazırda bununla bağlı şübhələr yaranıb və hazırkı vəziyyət WADA-nı RUSADA-nın beynəlxalq məcəlləyə uyğun olmaması məsələsini gözdən keçirmək təşəbbüsünü göstərməyə məcbur edib.

AZƏRTAC

Xəbər 660 dəfə oxundu.