Mövsümün son cıdır yarışına yekun vurulub
Noyabrın 3-də Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə mövsümün sonuncu cıdır yarışı keçirilib.

Mövsümün son yarışında ümumilikdə 6 cıdır və 5 yorğa qaçışı təşkil olunub.

Yarış günü cıdır üzrə 40-dan artıq, yorğa atlarının qaçışı üzrə isə 50-yə yaxın at iştirak edib.

“Qızıl Tac Kuboku” uğrunda cıdır yarışının yekununda ilk qaçışda 1600 metr məsafəyə birinci yerin qalibi “Batumi Ridinq Club”un sahibi olduğu “Frankel” ləqəbli at olub. Burada 2 yaş İngilis atları yarışıb. İkinci yarışda 3 yaş “Qarabağ” və Dilbaz atları mübarizə aparıb. Həmin qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Çalxanqala” ləqəbli at tutub. Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atlarının mübarizəsi ilə davam edib. Bu yarışda hamıdan güclü “Günay” AİK-in sahibi olduğu “Miss Dahes” ləqəbli at olub. Dördüncü qaçış 3 yaş İngilis atlarının 2000 metr məsafəyə yarışı ilə davam edib. Gərgin idman mübarizəsinin müşahidə olunduğu yarışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu Naxçıvan ləqəbli at tutub. Beşinci qaçışda 4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının “Əlvida Kuboku” uğrunda 2400 metr məsafəyə yarışında Ramiz İbrahimovun sahibi olduğu “Pəri” ləqəbli at qalib gəlib.

Nəhayət cıdır mövsümünün son qaçışı 4 yaş və yuxarı İngilis atları arasında olub. Ramiz İbrahimovun sahibi olduğu “Kənanın Kralı” ləqəbli at bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, qaliblərə kubok və diplomlar verilib.

Xəbər 1098 dəfə oxundu.