Azərbaycan Premyer Liqası: “Zirə”-“Sumqayıt” oyununda qalib müəyyənləşməyib
Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Zirə” komandası “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.

Görüşdə ilk qol 3-cü dəqiqədə vurulub. “Zirə”nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. “Sumqayıt” ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib. Birinci hissə bu hesabla yekunlaşıb.

Görüşün 58-ci dəqiqəsində paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze “Zirə”ni yenidən hesabda önə keçirib. Oyunun 82-ci dəqiqəsində isə “Sumqayıt”dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub.

Bu nəticədən sonra “Zirə” 10-cu xalını qazanıb və 6-cı yerdə qalıb. “Sumqayıt” isə 11 xalla 4-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, X tura bu gün keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq. Turun ilk 2 matçında qapılara qol vurulmayıb. "Neftçi" - "Qarabağ" və "Səbail" - "Keşlə" oyunlarında hesab açılmayıb - 0:0.

Xəbər 667 dəfə oxundu.