Şahmatçılarımız Avropa çempionatının sonuncu turunda mübarizə aparırlar
Şahmatçılarımız Batumidə keçirilən kişi və qadın idmançılardan ibarət komandalar arasında Avropa çempionatının sonuncu turunda mübarizəyə başlayıblar.

Qadın şahmatçılarımız Ermənistan təmsilçiləri ilə qarşılaşırlar. Günay Məmmədzadə Lilit Mkrtçyan, Xanım Balacayeva Elina Danielyan, Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Gülnar Məmmədova Anna Sarqsyanla üz-üzə gəlirlər. Kişilərdən ibarət komandamız sloveniyalı idmançılarla qarşılaşır. Arkadi Naydiç Luka Leniç, Rauf Məmmədov Yure Borisek, Qədir Hüseynov Matey Şebenik, Eltac Səfərli Yan Skubeljlə mübarizə aparırlar.

Qadın şahmatçılarımız ötən turda Fransa yığmasına 2,5:1,5 hesabı ilə qalib gələrək xalların sayını 12-yə çatdırıblar. Bu nəticə ilə komandamız Rusiya (14 xal) və Gürcüstan (13 xal) yığmalarından sonra 3-cü yerdədir. Kişi şahmatçılarımız isə 9 xalla 12-ci pillədə qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.
Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.


Xəbər 686 dəfə oxundu.