Xaçmazda “İradənlə qalib gəl!” şüarı altında yarışlar və əyləncəli oyunlar keçirilib
Noyabrın 1-i Xaçmaz Olimpiya İdman Kompleksində gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında “açıq qapı” günü təşkil olunub.

Gənclər və İdman Nazirliyinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil etdiyi aksiya çərçivəsində futbol, voleybol, güləş, yüngül atletika, tennis, badminton, şahmat və digər idman növləri üzrə yarışlar və əyləncəli oyunlar keçirilib. Yarışlar kompleksdə işləyən məşqçilər tərəfindən idarə olunub. Eyni zamanda, müxtəlif idman növləri üzrə müxtəlif yarışların mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçirilib.

“Açıq qapı” gününün məqsədi idmanın gənclər arasında təbliği, Olimpiya İdman komplekslərinin imkanlarının hər kəs üçün əlçatan olması, buradakı idman meydançaları, avadanlıq və şəraitdən gənclərin geniş yararlanmasını təmin etməkdir.

Aksiya oktyabrın 3-dək Gənclər və İdman Nazirliyinin tabeliyindəki 34 Olimpiya İdman kompleksinin hər birində təşkil olunacaq.

Xəbər 744 dəfə oxundu.