Azad Rəhimov: Ölkəmiz inanılmaz şəkildə inkişaf yolundadır
“Açığı, Bakının namizəd şəhərlər sırasına düşməməyindən çox məyusuq”. İdman.com.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Bakının 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizəd şəhərlər sırasına düşməməyinə münasibət bildirən nazir deyib ki, ikinci cəhdin belə alınacağına təəssüflənir və bundan lazımı nəticə çıxaracaqlar:

“Beynəlxalq Olimpiya Komitəsinin qərarı bizim üçün uğursuz alındı. Ancaq sizi əmin edirəm ki, diqqətlə hər şeyi bir daha nəzərdən keçirib, növbəti Olimpiya Oyunlarına daha güclü hazırlaşıb namizədliyimizi verəcəyik. Ölkəmiz inanılmaz şəkildə inkişaf yolundadır, xalqımızın, regionlarımızın gələcəyini yaxşılaşdırmaq üçün xidmət və infrastruktur sahələrinə əhəmiyyətli vəsait qoyuruq. BOK-un İşçi Qrupunun məruzəsində bunu qeydə almasından çox ruhlanmışıq”.

Bakı və Dohanın düşə bilmədiyi şort-listdə Madrid, İstanbul və Tokio yer alıb ki, Rəhimov bu şəhərlərə uğurlar arzulayıb: “Növbəti mərhələyə keçən bu şəhərləri ürəkdən təbrik edirik və onların hamısına Olimpiada-2020 uğrunda mübarizədə uğurlar arzulayırıq. Dahi Pyer de Kubertinin dediyi kimi, Olimpiya Oyunlarında əsas qələbə deyil, iştirakdır. Həyatda əsas olan mübarizədir”.

Qeyd edək ki, Bakının 2016-cı il olimpiada keçirmək uğrunda mübarizəsi də ilk mərhələdəcə nəticəsiz qalmışdı.


Xəbər 1126 dəfə oxundu.