BŞH və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə ikinci karyera yarmarkası təşkil olunub
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) birgə təşkilatçılığı ilə ikinci karyera yarmarkası təşkil olunub.

Azsport.az saytı xəbər verir ki, gənclər arasında böyük marağa səbəb olan yarmarkanı ümumilikdə minə yaxın işaxtaran ziyarət edib.

Karyera yarmarkasına ev sahibliyi edən BŞH Akademiyasının və BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova yarmarkanın uğurlu keçdiyini bildirib: “Belə tədbirlərin təşkil olunması işaxtaran gənclərə karyeralarını nüfuzlu şirkətlərdə qurmaq baxımından böyük imkanlar yaradır. Biz həm işaxtaran gənclərdən, həm də yarmarkada təmsil olunan şirkətlərdən müsbət rəylər alırıq. Hesab edirəm ki, güclü iqtisadiyyat üçün qabaqcıl şirkətlərin bacarıqlı gəncləri yetişdirməsi və onların inkişafı istiqamətində lazımi dəstəyi göstərməsi olduqca əhəmiyyətlidir”.

“AmCham Azərbaycan”ın icraçı direktoru Natəvan Məmmədova yarmarkada işaxtaran gənclərin hədəflərinə tezliklə nail olacaqlarına inandığını bildirib: “Tədbir yüksək səviyyədə baş tutdu. Yarmarkada bacarıqlı gənclər iştirak edirdilər. Əminəm ki, iştirakçılar yarmarkanın nəticəsi olaraq nüfuzlu şirkətlərdə arzuladıqları işə sahib olacaqlar”.

Karyera yarmarkasında Azərbaycanda uğurlu şəkildə fəaliyyət göstərən yerli və beynəlxalq nüfuza malik qabaqcıl 30 şirkət təmsil olunub. Ötənilki yarmarkadan fərqli olaraq bu il tədbir bütün işaxtaran gənclərə açıq olub. Yarmarkaya müxtəlif sahələri əhatə edən çox sayda vakansiya və təcrübə proqramı çıxarılıb. Ziyarətçilərin əksəriyyətinin gənclər olduğu yarmarkaya gələnlər sırasında 60 yaşadək olan işaxtaranları da görmək mümkün idi.

BŞH Akademiyası ölkədə gənclərin fərdi və peşəkar inkişafına yaxından dəstək göstərmək üçün gələcəkdə də oxşar tədbirlər keçirməyə davam edəcək.

Xəbər 727 dəfə oxundu.