Azərbaycanın kişi badmintonçuları Avropa çempionatında iştirak edəcəklər
Badminton üzrə kişilərdən ibarət Azərbaycan yığması 2020-ci ildə Fransanın Lyeven şəhərində keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək.

Turnirdə ölkəmizi təmsil edəcək komandamızın heyəti fevralın 3-dək açıqlanacaq. Fevral 11-16-da keçiriləcək qitə çempionatında komandamızın hansı səbətdə yer alacağı noyabrın 27-də məlum olacaq. Səbətlər Ümumdünya Badminton Federasiyasının reytinqinə əsasən müəyyənləşəcək.

Komandamızın qrup mərhələsində rəqibləri dekabrın 3-də keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq. Qrup mərhələsinin görüşləri fevral 11-13-də, dörddəbir, yarımfinal və final qarşılaşmaları isə 14-16-da oynanılacaq.

Qruplarda müvafiq olaraq 3, 4 və ya 5 komanda yer ala bilər. Komandaların qrupdakı sayından asılı olmayaraq, pley-offa ilk iki yerin sahibi yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşlərdən ibarət olacaq. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq. Hər komandanın heyətində yer alan bir badmintonçu oyun ərzində həm şəxsi, həm də qoşa kateqoriyada yalnız bir dəfə korta çıxa bilər.

Yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kişi və qadın komandaları arasında Avropa çempionatı iki ildən bir keçirilir. Turnir Tomas və Uber Kubokuna təsnifat xarakteri daşıyır. 2006-cı ildən təşkil edilən kişilərdən və qadınlardan ibarət komandalar arasında Avropa çempionatına sonuncu dəfə 2018-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Kişilərdən ibarət komandamız ilk dəfə qatıldığı həmin çempionatda Almaniya, İslandiya və Lüksemburq kollektivləri ilə bir qrupda yer alıb.

Xəbər 974 dəfə oxundu.