Çorum Olimpiadası: “Azərbaycan-Naxçıvan” komandası üçüncü turda Türkiyə təmsilçilərini məğlub edib
Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda Azərbaycanı təmsil edən komandalarımız biri qələbə qazanıb, digəri isə heç-heçəyə nail olub.

Olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət yığmamızın əsas üzvlərindən ibarət – “Azərbaycan” komandası üçüncü turda Özbəkistan şahmatçıları ilə heç-heçə ediblər. “Azərbaycan-Naxçıvan” komandası isə Türkiyə təmsilçiləri ilə qarşılaşmanı qələbə ilə başa vurub - 3:1. Bu, “Azərbaycan-Naxçıvan”ın turnirdə ikinci qələbəsidir. Komanda birinci turda Qazaxıstan yığmasına məğlub olsa da (1:3), ikinci turda Tailand təmsilçilərinə 3,5:0,5 hesabı ilə qalib gəlib.

“Azərbaycan” komandası isə birinci turda Monqolustan, ikinci turda ABŞ şahmatçılarını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 722 dəfə oxundu.