Avropa çempionatı: Qadın şahmatçılarımız Rusiya yığması ilə xalları yarı bölüblər
Oktyabrın 30-da Batumidə keçirilən kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının altıncı turunun oyunları keçirilib.

Qadın yığmamızın Rusiya komandası ilə qarşılaşması heç-heçə başa çatıb. Kişi şahmatçılarımız isə Almaniya yığmasına uduzublar.

Ötən turlarda qadınlardan ibarət komandamız 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Kişi şahmatçılarımız isə 5 turun 3-nü qələbə, 1-ni heç-heçə ilə başa vurub, bir qarşılaşmada məğlub olublar. Altı turun yekununa görə, qadın yığmamız 9 xalla üçüncü pillədə qərarlaşıb. Kişi şahmatçılarımız isə 7 xalla onuncu yerdədirlər.

Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.
Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.


Xəbər 705 dəfə oxundu.