Tokioda hakimlərin monitorinq sistemi sınaqdan keçiriləcək
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı boksçuların və məşqçilərin etimadını qazanmaq məqsədilə bu həftə hakimlərin monitorinq sistemi sınaqdan keçiriləcək.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, sistem Beynəlxalq Olimpiya Komitəsinin (BOK) boks komandası tərəfindən hazırlanıb və ona Beynəlxalq Gimnastika Federasiyasının prezidenti (FIG) Morinari Vatanabe başçılıq edir.

Yaradılan yeni sistem hakimlərin ballarını həmin anda yenilədiyini göstərəcək, həmçinin idmançıların mübarizəsi zamanı hakimin reaksiyasını görməyə imkan verəcək. Yarış görüntüləri boks rinqinin künclərində yerləşən dörd kamera vasitəsilə izləniləcək.

FIG prezidenti Vatanabe ümid edir ki, sistem boks yarışları boyunca bütün yarış ardıcıllığını təmin etməyə kömək edəcək. O, sistemin idmançılar və məşqçilərin etimadının bərpa olunmasına kömək edəcəyinə inanır: "Biz idmançılara və komandalara inamı bərpa etməliyik, etimadın bərpası üçün birlikdə çalışmalıyıq. Yüksək keyfiyyətli hakimlərə ehtiyacımız var".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərində İcraiyyə Komitəsinin iclasında qəbul olunan qərara əsasən, qarşıdakı olimpiadanın boks yarışlarında kişilər 8, qadınlar 5 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.

Xəbər 768 dəfə oxundu.