Yenidən AVRO-2020-yə namizəd olduq
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu gün FİFA-nın Budapeştdə keçirilən konqresində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına Gürcüstanla birlikdə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözünə görə, indiyədək Azərbaycanın 2020-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi məsələsi müzakirə olunduğuna görə, rəsmi Bakı Avropa çempionatının təşkili məsələsini müvəqqəti dondurub: «Biz Gürcüstanla müzakirələr aparmışdıq, amma Olimpiadaya görə bu məsələni qabartmırdıq. Azərbaycan ədalətsiz olaraq «şort list»ə salınmadı, biz də Avropa çempionatı ilə bağlı müraciətimizi etdik. Budapeştdə FİFA-nın konqresi gedir. Bizim baş katib ordadır və biz müraciət edərək Gürcüstanla birlikdə Avro-2020-yə ev sahibliyinə namizədliyimizi irəli sürdük».

AFFA rəhbəri Azərbaycanın Türkiyə ilə birlikdə futbol üzrə dünya çempionatı keçirməsi məsələsinə isə baxılmadığını bildirib.

Futbol üzrə Azərbaycan yığmasının Yaponiya yığması ilə göstərdiyi oyuna münasibət bildirən R. Abdullayev heyətin yeni və gənc olduğunu bildirib: «Bu, yoxlama oyunudur. Foqtsun qarşısına məqsəd qoyulub ki, ancaq gənc oyunçular cəlb etsin. Yığmanın tərkibində gənc oyunçular olmalıdır. Hədəfimiz 2016-cı ildir. Həmin il Avropa çempionatında 24 yığma komanda olacaq, bizim də məqsədimiz həmin komandaların sırasına düşməkdir ».

Xəbər 1011 dəfə oxundu.