Fransa “Paris-2024”-ün loqotipini təsdiqləyib
2024-cü ildə Fransa paytaxtında keçiriləcək “Paris-2024”-ün Təşkilat Komitəsi Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni loqotipini təqdim edib. Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Fransada insanlar arasında keçirilən sorğuya əsasən onların 83 %-i mediada geniş istehza edilən emblemi bəyəniblər.

Loqotipdə Olimpiya məşəli, medalı və Fransa Respublikasının rəmzlərindən biri olan qızılsaçlı gənc qadın Mariannanın siluetini əks olunub. Medalın, Olimpiya məşəlinin və Mariannanın siluetinin vəhdəti Olimpiya dəyərlərini, tarixi və fransız ruhunu təcəssüm etdirir.

Emblemin dəqiq və yığcam cizgiləri təxminən yüz il əvvəl keçirilmiş Olimpiya Oyunlarında istifadə olunmuş ar-deko üslubuna əsasən hazırlanıb. Emblem ilk dəfə həm Olimpiya, həm də Paralimpiya Oyunları üçün eyni olacaq, kiçik fərq yalnız aşağıda təsvir edilmiş Olimpiya halqaları və Paralimpiya cizgisi olacaq.

Qeyd edək ki, Fransa paytaxtında Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Xəbər 886 dəfə oxundu.