Çerlidinq üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Texniki Universitetinin idman zalında Dövlət Gömrük Komitəsi (DGK) İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” klubunun çerlidinq üzrə açıq turniri keçirilib.

Yarışda 6 komandadan 300-dən artıq idmançı mübarizə aparıb.

Beynəlxalq Çerlidinq Federasiyasının qaydalarına uyğun keçirilən yarışın təşkilində məqsəd Azərbaycanda bu idman növünün təbliği və inkişaf etdirilməsi olub. Uşaqlar və yeniyetmələrin mübarizə apardıqları birincilikdə idmançılar çir pom fristayl, çir caz, çir şou, çir dans növlərində qüvvələrini sınayıblar.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev birinciliyin açılış mərasimində çıxış edərək DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin adından yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafındakı xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, idmançılarımızın müxtəlif beynəlxalq tədbirlərdə yüksək nəticələr əldə etməsi ölkəmizdə idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Gömrükçü” idman klubu tərəfindən il ərzində müxtəlif növlər üzrə əlamətdar və tarixi günlərə həsr olunmuş yarışlar təşkil edilir.

MOK-un vitse-prezidenti bu yarışın 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təşkil olunduğunu bildirib.

X.İsayev yarışın təşkilində əsas məqsədin ölkə idmanında kütləviliyə nail olmaqla yanaşı, Nəsimi irsinin gənc nəslə çatdırılması olduğunu vurğulayıb. O, yeni yaranan Azərbaycan Çerlidinq Federasiyasının qısa zaman ərzində böyük uğurlar qazandığını bildirərək, gələcək fəaliyyətində federasiyaya uğurlar arzulayıb.

Azərbaycan Çerlidinq Federasiyasının prezidenti Alla Vlasova belə yarışların təşkilinin gənclərin sağlamlığı, çerlidinq idmanının inkişafı baxımından böyük əhəmiyyət daşıdığını deyib. O, qısa zamanda bu idman növündə kütləviliyin təmin olunduğunu bildirərək, atletlərin gələcəkdə ölkəmizi Avropa və dünya çempionatlarında layiqincə təmsil edəcəklərinə inandığını bildirib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarış final qarşılaşmaları ilə davam etdirilib. Turnirdə komanda hesabında “Gömrükçü” birinci, “Sərhədçi” ikinci, “Abşeron” üçüncü pillədə qərarlaşıblar.

Yarışda ilk üç yeri tutan idmançılar “Gömrükçü” idman klubu tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 1114 dəfə oxundu.