Kişi həndbolçuların ölkə çempionatında favoritlər qələbə qazanıblar
Kişi həndbolçuların Azərbaycan çempionatı davam edir. Yarışın üçüncü turu da favoritlərin qələbəsi ilə başa çatıb.

“ABU Arena”nın meydançasına ilk olaraq “Məhsul” və U-18 komandaları çıxıblar. Ölkə çempionunun üstünlüyü şəraitində keçən qarşılaşma 34:18 hesabı ilə nəticələnib.

Günün ikinci görüşü daha gərgin idman mübarizəsi ilə yadda qalıb. “Təhsil”-“Bakı” görüşündə qapılara 64 qol vurulub. Nominal ev sahibi rəqibə ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qurtula bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Bakı” 35:29 hesabı ilə qalib gəlib.

Kişilərin mübarizəsində növbəti turun oyunları noyabrın 9-da keçiriləcək.

“ABU Arena”nın meydançasında “Məhsul” “Təhsil”, U-18 isə “Bakı” ilə üz-üzə gələcək.

Qadınların çempionatında isə 4-cü turun görüşləri noyabrın 6-da olacaq. Həmin gün lider “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkəcək. “Azəryol” isə “Azərsu” ilə qarşılaşacaq.

Xəbər 997 dəfə oxundu.