Olimpiya lisenziyası üçün 0,53 saniyə çatmadı
İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə yekun olimpiya təsnifat reqatasına yekun vurulub. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda 3-cü yeri tutub. 2-nəfərlik qayıqla mübarizə aparan cütlüyümüz 2000 metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət edib.

Bununla da Aleksandrov – Yotov dueti London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyiblər. Bu vəsiqələrə ilk 2 pilləni tutan italiyalı Alessio Sartori – Romano Battisti (6:27.13) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:27.46) yiyələniblər. Təəssüf ki, Azərbaycanlı duetin olimpiadaya yollanmasına cəmi 0,53 saniyəsi çatmayıb. Aleksandrov hələ ötənilki dünya çempionatında uğurlu çıxışı sayəsində 1-nəfərlik qayıqla yürüşdə olimpiya lisenziyasını təmin etmişdi. O, Yotovla da birgə bu vəzifənin öhdəsindən gəlsəydi, Londonda 2 qayıqla mübarizə aparmalı olacaqdı.

Qeyd edək ki, yekun olimpiya təsnifat reqatasında qadınlar arasında 2-nəfərlik təkavarlı qayıqla mübarizə aparan İskra Angelova – Viktoriya Nençeva dueti finala yüksələ bilməyiblər.

Xəbər 1326 dəfə oxundu.