Azərbaycan qılıncoynadanı Tbilisidə qızıl medal qazanıb
Sablya üzrə milli komandamızın lideri Anna Başta Tbilisidə keçirilən “Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançımız səkkizdəbir finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib. A.Başta dörddəbir finalda Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib. Təmsilçimiz yarımfinalda Türkiyə təmsilçisi İrina Şçuk üzərində 15:10 hesablı qələbə əldə edib. Finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyən təmsilçimiz Azərbaycan bayrağını zirvələrə yüksəldib.

Digər sablyaçılarımızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıblar. S.Bünyatova qrupda 5, S.Kərimova və V.Bolşakova isə 4 qələbə qazanıblar. V.Bolşakova səkkizdəbir finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. S.Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. S.Bünyatova səkkizdəbir finalda Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb.

Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev onaltıdabir finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.

Xəbər 684 dəfə oxundu.