Avropa çempionatı: Komandalarımız IV turu qələbə ilə başa vurublar
Batumidə komandalararası Avropa çempionatının dördüncü turunu həm kişi, həm də qadın komandalarımız uğurla başa vurublar.

Kişilərdən ibarət komandamız Çexiya, qadın yığmamız isə Rumıniya şahmatçıları ilə üz-üzə gəliblər.

Kişi şahmatçılarımızdan yalnız Rauf Məmmədov rəqibi Jiri Stoceki məğlub edib və bu nəticə komandanın qələbə qazanmasında həlledici rol oynayıb. Komandamızın digər üzvləri Şəhriyar Məmmədyarov David Navara, Qədir Hüseynov Peter Miçalik, Arkadi Naydiç Viktor Laznicka ilə heç-heçə ediblər. Qadın şahmatçılarımızdan Günay Məmmədzadə İrina Bulmaga, Türkan Məmmədyarova Miruna-Daria Lehaciyə qalib gəliblər. Gülnar Məmmədova Elena-Luminita Kosma ilə heç-heçə edib, Xanım Balacayeva Korina-İzabela Peptana uduzub.

Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub etsə də, III turda Ukrayna yığmasına (1,5:2,5) uduzub. Qadın yığmamız isə birinci turda Latviya şahmatçılarını (4:0), III turda Avstriya yığmasını (3,5:0,5) məğlub edib. İkinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.

Xəbər 698 dəfə oxundu.