NDU ilə Qars Qafqaz Universitetinin futbol komandaları arasında yoldaşlıq görüşü olub
Naxçıvan Dövlət Universiteti (NDU) ilə Qars Qafqaz Universitetinin futbol komandaları arasında Qars şəhərində yoldaşlıq görüşü keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qars şəhərində əzəmətlə ucalan büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə keçirilən matçda əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev, Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov universitetin müəllim, tələbə kollektivi ilə birgə Abamüslüm Güvən adına stadionda keçirilən yarışı izləyiblər. Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Universitetin qonaq evində hər iki ölkənin nümayəndələri bir-birinə hədiyyələr təqdim edib. NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsindən və ilboyu bu münasibətlə keçirilən tədbirlərdən danışıb. Prorektor hər iki ölkə arasındakı qardaşlıq münasibətlərinə toxunub.

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı vurğulayıb ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Türkiyə üçün də hər zaman önəmli bir strateji məkandır. Naxçıvanın qədim tarixi olduğunu dilə gətirən rektor qeyd edib ki, Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürk Naxçıvanı “Türk dünyasının qapısı” adlandırıb. Rektor Hüsnü Kapı muxtariyyətin 95 illiyi münasibətilə bütün naxçıvanlıları təbrik edib.

Xəbər 767 dəfə oxundu.