“Böyük dəbilqə” turnirində daha 4 cüdoçumuz mübarizəyə qoşulur
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Böyük dəbilqə” turnirinin üçüncü günündə 4 cüdoçumuz mübarizəyə qoşulacaq.

Kişilər arasında Zelim Kotsoyev (100 kq), Şahin Qəhrəmanov, Uşangi Kokauri (hər ikisi 100 kq-dan yuxarı), qadınların yarışında İrina Kinderzka (78 kq-dan yuxarı) güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Komandamızın üzvü Orxan Səfərov (66 kq) “Böyük dəbilqə” turnirinin gümüş medalına layiq görülüb.

Yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.

Xəbər 748 dəfə oxundu.