FHN-in qurumları arasında voleybol çempionatının qalibi müəyyənləşib
Oktyabrın 21-dən 25-dək Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol çempionatı keçirilib.

FHN-dən azsport.az saytına bildiriblər ki, çempionatın oyunları FHN-in İdman-Sağlamlıq Mərkəzinin arenasında keçirilib. Yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatın final görüşü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Mühafizə Xidmətinin komandaları arasında olub.

Qarşılaşmada qalib gələn Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə Dövlət Yanğın Mühafizə Xidmətinin komandası, üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin voleybolçularını məğlub edən Mülki Müdafiə Qoşunlarının komandası layiq görülüb.

FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, nazirliyin İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, baş katibi Cəlil Cəfərov və bir sıra fəxri qonaqlar oyunları izləyiblər.

Füzuli Musayev, Mehman İsmayılov və Faiq Qarayev çıxışlarında komandaları təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıblar.

Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi Səbuhi Əliyev olub.


Xəbər 756 dəfə oxundu.