Ramin Musayev: Klubun işini klub, AFFA-nın işini AFFA görməlidir
Unibank Premyer Liqada aprel və may aylarının ən yaxşı futbolçuları seçilən “Bakı”nın yarımmüdafiəçisi Deyvidas Çesnauskis və “Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim mükafatlandırma mərasiminə qatılmayıblar. İdman.com.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Unibank Kommersiya Bankının İdarə Heyətinin sədri Faiq Hüseynovun iştirak etdiyi tədbirdə mükafatı klub nümayəndələri alıblar.

Qaliblərə Unibankdan 1111 manat pul və PFL-in qiymətli hədiyyələri verilib. Bundan sonra Musayev və Hüseynov jurnalistlərin suallarını cavablandırıblar.
PFL prezidenti bildirib ki, bu il Unibankla başa çatan müqaviləni uzatmaq istəyindədirlər: “Amma hələ qərar verilməyib”. Unibank rəsmisi də yeni anlaşmaya hazır olduqlarını vurğulayıb.

Musayev Premyer Liqaya sponsorluq etmək niyyətində olan digər şirkətlərin də mövcudluğunu açıqlayıb: “Onlardan biri çox yüksək məbləğdə pul təklif edir. Bununla bərabər elə şərtlər irəli sürür ki... Onların dediyini yerinə yetirsək, gərək bütün komandaların futbolçuları həmin şirkətin loqoları ilə oyuna çıxsınlar. Belə çıxır ki, mən onlardan aldığımı bu klublara verməliyəm. Bu təkliflə razılaşa bilmərik”.

PFL prezidenti Azərbaycan Kubokuna titul sponsorluqla bağlı məsələyə də toxunub. O bildirib ki, hələlik belə bir təklif verən olmayıb.

Ən çox müzakirə olunan məsələlər isə Premyer Liqanın yeni formatı, ikinci “6-lıq”da rəqabətin artırılması naminə görüləsi işlər və I dəstədə ilk 2 yeri tutan “Qaradağ-Lökbatan” və “Neftçala” klublarının lisenziyalaşdırmadan keçə bilməməsi olub.

Musayev yeni mövsümdə çempionatın formatının dəyişdirilməyəcəyini, ikinci “alıtılıq”da birinci yeri tutan komandanın isə Avropa Liqasına vəsiqə qazanması variantının gerçəkləşməyəcəyini deyib: “Azərbaycan futbolunda ilk dəfədir ki, ardıcıl 3 mövsüm eyni sayda komanda eyni sistemlə mübarizə aparır. Bu format qarşıdakı mövsümdə də dəyişməyəcək. Bu il ikinci “altılıq” komandalarından gələn zənglər birincidəkindən az olmadı. “Rəvan” və AzAL-dan bu dərəcədə narahat olmalarının səbəbini soruşdum. Dedilər ki, gələn mövsümə komanda hazırlayırıq”.

O, I diviziondan heç bir komandanın Premyer Liqaya yüksəlməməyinin günahını klubların özlərində görüb: “Buna ən çox üzülənlərdən biri mən oldum. Çünki futbolçuların və məşqçilərin əziyyətini başa düşürəm. Bu məsələdə hamı AFFA və PFL-i günahlandırır. Klubun işini klub, AFFA-nın işini AFFA görməlidir. Bəlkə də çoxları lisenziyanın mahiyyətini bilmir. UEFA tərəfindən elə bir cərimə alarıq ki, onun altından çıxa bilmərik. Kənarda öz dövlətimizə mənfi yox, müsbət rəy yaratmalıyıq. 49 yaşımın tamamlandığı gün ən böyük sevinci “Xəzər Lənkəran”ın 6 xalının qaytarması xəbəri ilə yaşadım. Bəzən fikirləşirlər ki, AFFA “Sumqayıt”ı irəli dartır. Dartırsa, “Sumqayıt” niyə axırıncı yerdədir? Elə bir komanda varmı ki, “Turan”ın yetirməsi çıxış etməsin. Mən “Turan”ın yox, Azərbaycan futboluna ən çox xeyir verən komandanın qalmasının tərəfdarıyam”.

O, AFFA-nın lisenziyalaşdırma şöbəsinin rəhbəri ilə çox ciddi mübahisələrinin olduğunu da bildirib: “Dedim ki, klubları 2 ay öncədən məlumatlandırmalı idiniz. O da dedi ki, klublara bir neçə dəfə məktub göndərmişdim. AFFA-nın baş katibi də mənimlə həmfikir oldu. Ən azı mənə məlumat verərdilər ki, filan klublar xəbərdarlığımıza məhəl qoymurlar. Amma gələn mövsüm belə olmayacaq. Klubları indidən bu haqda məlumatlandırmışıq”.

Musayev Premyer Liqada ilk 3 yeri tutan komandaların nə vaxt mükafatlandırılacaqlarına da aydınlıq gətirib. O bildirib ki, tədbir Avropa kubokları başlayan ərəfədə keçirilə bilər: “İndi ortalığa “Eurovision” və digər tədbirlər çıxdı. Ona görə də tədbiri dərhal keçirə bilmədik. İstərdik ki, oyunçuların hamısı burda olduğu vaxt təşkil edək. İndiki kimi olmasın”.

Xəbər 1202 dəfə oxundu.