Qadın güləşçilərimiz Dünya Kubokunda
Qadın güləşçilərdən ibarət millimiz mayın 26-27-də Tokioda keçiriləcək Dünya Kuboku turnirində iştirak edəcək. İdman.com.az saytının xəbərinə görə, ev sahibi Yaponiya ilə yanaşı, Kanada, Monqolustan, ABŞ, Rusiya, Çin və Ukrayna yığmalarının da iştirak edəcəyi mötəbər komanda yarışda yığmamız məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Heyətə Anjela Doroqan (48 kq), Nigar Əhmədova (51 kq), Sona Əhmədli (55 kq), Irina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq) daxil ediliblər. Bundan başqa, Yarina Dubovska (55-59 kq) ehtiyat güləşçi kimi Yaponiyaya yollanıb.

AGF Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli referi Qərib Əliyev hakim kimi ölkəmizi Dünya Kubokunda təmsil edəcək. Mayın 25-də atılacaq püşkə əsasən, komandalar hər birində 4 yığma olmaqla 2 qrupa bölünəcəklər.
Mayın 26-da birdövrəlik qrup ğörüşləri keçiriləcək. Qrup qalibləri mayın 27-də finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda görüşdə üz-üzə gələcəklər.

London Yay Olimpiya Oyunlarına 48 və 55 kq çəkidə lisenziya qazanmış 2 qadın güləşçimiz – Mariya Stadnik və Yuliya Ratkeviç isə mayın 26-27-də Almaniyanın Dormagen şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Böyük məşqçi Qrek Iqnatın rəhbərliyi ilə Qərbi Avropaya yollanacaq heyətə həmçinin 51 kq cəkili güləşçimiz Fatimə Baqomedova da daxil edilib.

Xəbər 1358 dəfə oxundu.