İlqar Rəhimov Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti ilə görüşüb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti, “Bakı 2015” birinci Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvü Entoni Saizberi ilə görüşüb.

Görüş Beynəlxalq Paralimpiya Komitəsinin Almaniyanın Bonn şəhərində keçirilən Baş Assambleyası çərçivəsində baş tutub. Söhbət zamanı Heydər Əliyev Fondunun və AMPK-nın birgə təşkilatçılığı ilə noyabrın 13-də Bakıda keçiriləcək Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş “Yenilməzlər” adlı beynəlxalq təqdimatla əlaqədar geniş müzakirələr aparılıb.

Oktyabrın 24-də Bonnda Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası işə başlayıb. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.

Xatırladaq ki, Bakıda keçiriləcək “Yenilməzlər” adlı təqdimatda Paralimpiya hərəkatının inkişafına töhfələr vermiş nüfuzlu şəxslər iştirak edəcəklər. Qonaqlardan biri də Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Sir Filip Kreven olacaq.

AZƏRTAC

Xəbər 763 dəfə oxundu.